Ahıllar üçün sosial xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb

Posted by

Ahıllar üçün sosial xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb

Ahıllar üçün sosial xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb

 

 

Ahıllar üçün sosial xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının “Ahılların sosial müdafiəsi” TAİEX proqramı çərçivəsində Azərbaycanda ahıllar üçün sosial xidmətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrin ekspertləri iştirak edib.

 

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ahılların sosial hüquqlarının müdafiəsinin bütün ölkələrin hökumətləri üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4 faizini təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4-7 faiz arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7 faiz və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15 faizini, inkişaf etmiş ölkələrdə isə 30 faizini təşkil edəcək.

 

İ.İsayev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir. Kriteriyalar baxımından Azərbaycan əhalisi “cavan” əhali sayılır. Lakin dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb. 2050-ci ilədək bu göstəricinin 12 faizə qədər artacağı proqnozlaşdırılır.

 

Azərbaycanda ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanıldığını vurğulayan nazir müavini bu gün Prezident İlham Əliyev tərəfindən ahıl insanlara xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət başçısının fərman və sərəncamlarına, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na, habelə bir sıra digər dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.

 

İ.İsayev “Sosial xidmət haqqında” Qanuna əsasən yaşı 70-ə çatmış şəxsin ahıl hesab edildiyini, rəsmi statistikaya görə, respublikamızda belə şəxslərin sayının 390 min nəfərdən çox olduğunu bildirib. Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 175,1 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 195 manatdır. Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib. Nazir müavini, həmçinin hazırda 664 nəfər Böyük Vətən müharibəsi əlilinin, 540 nəfər Böyük Vətən müharibəsi iştirakçısının, 11 nəfər İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxsin Prezident təqaüdləri ilə təmin olunduğunu, ötən il bu təqaüdlərin məbləğinin əhəmiyyətli şəkildə artırıldığını bildirib. Diqqətə çatdırıb ki, 1998-2014-cü illərdə ƏƏSMN tərəfindən 1075 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 102 nəfər şəxs isə mənzillə təmin edilib.

 

Nazir müavini tənha ahıl və əlillərə evlərində göstərilən sosial xidmətlərdən, habelə ƏƏSMN-in Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) yaşayan tənha vətəndaşların və əlillərin hərtərəfli təminatı üçün görülən işlərdən söz açıb. Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndinə uyğun olaraq, ahıllara dövlətin və cəmiyyətin diqqətinin daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı (2015-2020-ci illər)” hazırlanıb. Proqramda Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsipləri, onun icrasına dair Regional strategiyanın tövsiyələri, Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri nəzərə alınıb. Proqram ahılların layiqli həyat tərzi sürməsi üçün əlverişli mühitin yaradılması, insan hüquqlarından tam və bərabər imkanlarla yararlanmaları və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübədən yararlanaraq yeni yanaşmaların tətbiqi və s. nəzərdə tutur.

 

İ.İsayev ahıllarla bağlı siyasətin təkmilləşdirilməsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən TAİEX proqramının rolunu qeyd edib. O bildirib ki, bu proqramın ilkin mərhələsində Avropa İttifaqının ekspert missiyası tərəfindən 2013-cü ilin mart ayında ƏƏSMN-in sosial xidmət sahəsində çalışan əməkdaşlar üçün seminar təşkil edilib. Proqramda ahıllara sosial xidmət sahəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi də əksini tapır ki, keçirilən bu seminar da məhz bu məqsədə yönəlib.

 

Seminarda ƏƏSMN-in sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova ölkəmizdə ahılların sosial müdafiəsi sahəsində görülən işlər, ahıllarla bağlı hazırlanan yeni Dövlət Proqramının layihəsi barədə məlumat verib. Daha sonra Avropa İttifaqı ölkələrindən gəlmiş ekspertlər Ralf von Ameln (Almaniya), Jan-İv Hokke (Fransa), Maqda Zupançiç (Slovenya) ölkələrinin müvafiq təcrübələrini təqdim ediblər. İki gün davam edəcək seminarda ahılların sosial müdafiəsi, onlara sosial xidmətlərin və səmərəli tibbi qayğının göstərilməsi, onların ictimai fəallığının və layiqli həyat tərzinin təmin edilməsi sahəsində milli və beynəlxalq təcrübələrin təhlili və fikir mübadilələrinin aparılması nəzərdə tutulur.

 

AzərTac.az