Xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının qeydiyyatı qaydası müəyyənləşib
Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 12 sentyabr tarixli qərarında dəyişiklik edib.
APA-nın məlumtına görə, dəyişiklik xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının qeydiyyatının bu qaydaya əsasən tənzimlənməsini nəzərdə tutur.
Bununla bağlı həm qaydanın adı dəyişdirilərək “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları” adlandırılıb, həm də bununla bağlı qaydaya müvafiq hissələr əlavə edilib. Başqa sözlə, Azərbaycan vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycanın həmin ölkədəki konsulluğunda qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı, xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş müvafiq uçot vərəqəsi doldurulur və həmin ölkədə işləməsi barədə rəsmi sənəd əlavə olunur. Azərbaycan konsulluğu xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları haqqında məlumatları (uçot vərəqəsinin və işləmək barədə rəsmi sənədin surəti) bir ay müddətində Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə verir və həmin idarə bu məlumatları ildə iki dəfə (martda və sentyabrda) Dövlət Miqrasiya Xidmətinə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.
Azərbaycan konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır. Uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş və Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş müvafiq uçot vərəqəsinin elektron forması doldurulur. Uçota (qeydiyyata) alınan vətəndaşın rəngli fotoşəkli (3,5 x 4,5 ölçülü), həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti, xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) və həmin ölkədə işləməsi barədə rəsmi sənədlər (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) skan olunaraq elektron formaya əlavə olunur.
Azərbaycan konsulluqları olmayan xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları bu sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Xarici İşlər Nazirliyinə göndərməlidirlər. Azərbaycan Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilmiş məlumatların düzgünlüyü və tələb olunan sənədlərin tamlığı Nazirliyin məsul əməkdaşı tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi vasitəsilə vətəndaşın yaşadığı yerə ən yaxın olan Azərbaycan konsulluğuna göndərilir. Məlumatlar Azərbaycan konsulluğu tərəfindən yoxlanıldıqdan sonra uçota (qeydiyyata) alınan vətəndaşın elektron poçt ünvanına uçota (qeydiyyata) alınması barədə bildiriş göndərilir.
Apa.az