“Vətəndaşların müraciət qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
“Vətəndaşların müraciət qaydaları haqqında” qanun layihəsi Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə olunub.
Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən komitə sədri Rəbiyyət Aslanova deyib ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır:
“Bu qanun vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq. Qanun layihəsinin I oxunuşda plenar iclasda müzakirəsi zamanı deputatlar bir sıra dəyişikliklər təklif ediblər. Bütün bunlar nəzərə alınaraq II oxunuşda qanun layihəsinə 20-dən çox redaktə xarakterli düzəlişlər edilib”.
İclasda çıxış edən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanunun qəbul olunmasının zəruriliyini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova qanun layihəsinə düzəlişlər edilməsinə dair təkliflərini bildirib.
Qanun layihəsi ikinci oxunuşda müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Trend.az