Azərbaycan XİN: Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə ikili standartların bariz nümunəsidir
Avropa Parlamentində (AP) qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir. Bunu Avropa Parlamentində qondarma “erməni soyqırımı”ı ilə bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, AP-də Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.
Onun sözlərinə görə, insan hüquqlarının “müdafiəçisi” roluna iddia edən dairələr AP-də erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməyiblər.
XİN rəsmisi bildirib ki, hələ 80-ci illərin sonunda AP-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan bu ölkənin Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olub.
AP-nin aprelin 15-də qəbul etdiyi qətnamə Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir: “Tarixi saxtakarlıq əsasında “erməni soyqırımı” iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı”.
Trend.az