ABŞ Dövlət Departamenti Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı maliyyə proqramı elan edib
ABŞ Dövlət Departamenti Cənubi Qafqaz və Mərkəzi Asiyada qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı QHT-lər üçün maliyyə proqramı elan edib.
APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, qurumun Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun aprelin 14-də elan etdiyi proqramla bağlı ərizələr mayın 15-dək qəbul olunur.
Layihələr ilk növbədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda yaşayan qaçqın və məcburi köçkünlərlə bağlı olmalıdır.
Məlum olub ki, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu Azərbaycanla bağlı yalnız sosial müdafiə yönümlü layihələrə maliyyə ayıracaq. Layihələr paytaxt istisna olmaqla, şəhər və ya kənd yerlərində yaşayan gənclər və ya uşaqlar üçün nəzərdə tutulmalıdır. Azərbaycan hökuməti, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı, habelə digər beynəlxalq və yerli humanitar təşkilatlarla əməkdaşlıq edən təşkilatlara üstünlük veriləcək. Layihə müddəti 12 aydır.. Azərbaycanla bağlı layihənin maliyyəsi 200.000 dolları keçməməlidir.
Qeyd edək ki, Ermənistanda 2014-ci ildən həyata keçirilən proqram davam etdiyi üçün yeni müsabiqə bu ölkəyə şamil edilmir.
Apa.az