Azərbaycan-Xorvatiya Birgə Komissiyasının Azərbaycan tərəfindən tərkibi təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Nazim Səmədov – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ehtiram Rəhimov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Kamil Xasiyev – Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Trend.az