Komissiya: Vakant vəzifələri təqdim etməyən dövlət orqanlarında yerlərin müsabiqə və ümumi müsahibəyə çıxarılacağı gözlənilir
“Vakant dövlət qulluğu vəzifələrini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməyən dövlət orqanlarında olan vakant dövlət qulluğu vəzifələrinin növbəti müsabiqə və ümumi müsahibəyə çıxarılacağı gözlənilir”.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.
Komissiyadan bildirilib ki, həmin dövlət orqanları ilə mütəmadi iş aparılır: “Həmin dövlət orqanlarına tərəfimizdən özlərində olan vakant vəzifələri qanunvericiliyə uyğun olaraq müsabiqə və ümumi müsahibəyə çıxarılması üçün Komissiyaya təqdim etməkləri barədə məktub ünvanlanıb. Növbəti müsabiqə və ümumi müsahibələrə qeyd edilən dövlət orqanlarında olan vakant dövlət qulluğu vəzifələrinin çıxarılacağı da gözlənilir”.
Qeyd edək ki, aprelin 7-də elan olunan ümumi müsahibədə vakant dövlət qulluğu vəzifələrini təqdim etməyən dövlət orqanlarının adları yoxdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü ildə açıqladığı hesabatda struktur dəyişikliyi ilə əlaqədar olaraq Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Tarif Şurasının Katibliyi, habelə Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Gəncə Hərbi Məhkəməsi, Ağcabədi Rayon Məhkəməsi, Ağstafa Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi, Bakı şəhər Nizami Rayon Məhkəməsi, Bakı şəhər Qaradağ Rayon Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, İmişli Rayon Məhkəməsi, Kürdəmir Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Ucar Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi tərəfindən həmin orqanlarda inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda, qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilməyib.
Apa.az