Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu il mart ayının 1-nə Azərbaycan əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Bu ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Belə ki, bu ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
İlin əvvəlindən ölkədə 9,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7,0-dan 6,1-ə qədər azalıb.
Apa.az