“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans

Posted by

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans

 

 

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans

Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu tərəfindən “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva tədbirin əhəmiyyətindən danışıb.

 

Bildirilib ki, konfransın keçirilməsinin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır. A.Mustafayeva Azərbaycanın XIX əsrdə İran və Türkiyədən Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə əzəli torpaqlarımızda yaradılan və terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanla qonşu olmaq məcburiyyətində qaldığını, bu qonşuluğun daim soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunduğunu söyləyib. İnstitutun direktoru Xocalı soyqırımının insanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu və bu faciə haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılmasının vacibliyini vurğulayıb.

 

Diqqətə çatdırılıb ki, Xocalı faciəsi barədə tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə əsasən cinayət sayılır.

 

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov ötən yüzillikdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinin təhlil edilməsi, o cümlədən Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra F.Axundov “Erməni soyqırımı” böyük dövlətlərin Türkiyə və türk dünyasına siyasi təzyiq vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətləri, işğal altındakı ərazilərdə maddi irsimizin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. İşğal olunmuş ərazilərimizdə çoxlu sayda həm tarixi, həm də dini abidələrimiz – məscidlər, kitabxanalar və mədəniyyət ocaqları məhv edilib. Dağıdılan abidələr təkcə müsəlman abidələri deyil, onların arasında alban xristian məbədləri də var.

 

Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç qeyd edib ki, tədqiqatlara əsasən, beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizmi yüz ildən çoxdur mövcuddur. 1885-ci ildə Osmanlı İmperiyasının ərazisində terror və gərginlik strategiyasının köməyi ilə türk dövlətinin süqutuna nail olmaq məqsədi daşıyan “Armenakan” partiyası yaradılıb. “Qnçaq” və “Daşnaksütyun” partiyalarının silahlı dəstələri Birinci Dünya müharibəsindən sonra Azərbaycan və Şərqi Anadolu ərazilərində şəhər və kəndləri yandırıb, qarət edib, insanları kütləvi şəkildə qətlə yetiriblər.

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu və digər çıxış edənlər erməni millətçiləri və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərə məruz qaldığını bildiriblər.

 

Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

AzərTac.az