Azərbaycanda beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə tranzit malların daşınması qaydaları dəyişib
Nazirlər Kabineti “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, malların beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə tranziti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq həyata keçirilir.
Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina və ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin ləğvinədək gömrük nəzarəti altında olurlar. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir. İndiyə qədər daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilib. Dəyişikliyə əsasən daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınmasının gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilməsini nəzərdə tutan müddəa ləğv edilib.
Apa.az