Sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə diqqət artırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətində (DSTX) əhalinin sosial cəhətdən həssas qruplarının təminatının gücləndirilməsi, bu sahədə mühüm dövlət proqramlarının icrası istiqamətində cari ilin birinci rübü ərzində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirib.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sosial cəhətdən həssas əhali qruplarının sosial təminatına göstərilən diqqət və qayğıdan bəhs edən Xidmət rəisi bunun əməli təzahürü kimi bütün sosial proqramların cari ildə də yüksələn xətlə davam etdirildiyini vurğulayıb. Ç.Əlliyev bildirib ki, ölkədə sosial rifah halının getdikcə yaxşılaşması, habelə ünvanlı dövlət sosial yardımı proqramının ünvanlılıq və şəffaflıq prinsiplərinə uyğun icrasına daimi nəzarət nəticəsində bu yardımları alanların sayı tədricən azalır: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin mart ayında ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 32437 ailə (141348 nəfər ailə üzvü) və ya 22,5 % azalaraq, 111391 ailə (485927 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin artması ilə müşaiyət edilib və ünvanlı yardımın bir ailəyə düşən orta aylıq məbləği qeyd olunan dövrlə müqayisədə 16,97 manat (13,5 %) artaraq 143,13 manata çatıb”.
Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 23 fevral 2015-ci il tarixli Fərmanından söz açan Ç.Əliyev bildirib ki, Fərmanın icrası ilə əlaqədar ƏƏSMN-də müvafiq Tədbirlər Planı əsasında İşçi qrup tərəfindən konkret və məqsədyönlü işlər aparılır: “Bu Plana uyğun olaraq artıq ünvanlı dövlət sosial yardımının alınması üçün fərdi kommunikasiya vasitələrindən və ya infoköşklərdən elektron formada müraciət (ərizə) forması və poçt şöbələrində e-müraciət edilməsi üçün quraşdırılacaq xüsusi infoköşklərin dizaynı, onlarla bağlı texniki tələblər hazırlanıb.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün elektron variantda edilən müraciətə baxılması üçün aidiyyəti dövlət qurumlarının informasiya resurslarından əldə edilməsi tələb olunan arayış və məlumatların siyahısı, yardım üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin qiymətləndirilməsi forması da tərtib olunub: “Tədbirlər Planı üzrə aparılacaq işlər nəticəsində vətəndaşlar bu yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən və ya poçt şöbələrində xüsusi olaraq quraşdırılacaq infoköşklərdən elektron formada müraciət etmək imkanına yiyələnəcəklər. Həmin müraciətlərə baxılaraq yardımın təyin olunub-olunmaması barədə qərarın verilməsi prosesi də tam elektronlaşacaq. Nəticədə bu sistemin elektron əsaslarla qurulması və ünvanlı sosial yardımların təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaradılması təmin ediləcək”.
Ç.Əliyev bildirib ki, cari ilin birinci rübünün ilkin məlumatlarına əsasən, bu dövrdə aylıq və birdəfəlik sosial müavinət ödənilənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz (26361 nəfər) artaraq 384654 nəfər təşkil edib. Onlardan 91 faizi, yəni 352189 nəfəri aylıq, qalanları birdəfəlik sosial müavinət alanlar olub. Hesabat dövründə 52276 nəfərə Azərbaycan Prezidentinin təqaüdləri ödənilib ki, bu da müqayisə olunan dövrə nisbətən 49,9 faiz (17400 nəfər) çoxdur: “Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla ötən ilin aprel ayının əvvəlindən bu təminat növlərində artımlar edilib. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranları üçün aylıq sosial müavinətin məbləği 21,6% çox olub. Ümumilikdə cari ilin birinci rübündə sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 milyon manat və ya 10,6 faiz çox vəsait sərf olunub”.
Xidmət rəisi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 316 nəfər 20 Yanvar əlilinin birdəfəlik maddi yardımla təmin edildiyini nəzərə çatdırıb: “Bu ilin birinci rübündə ƏƏSMN-nin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”sında sosial müdafiəyə daha çox ehtiyacı olan 132 nəfərin müraciətinə baxılaraq onlara müvafiq köməkliklər göstərilib. Belə ki, onlardan 119 nəfər əlilliyi olan şəxsə sosial məişət problemlərinin həllinə köməklik üçün ümumilikdə 29450 manat məbləğində birdəfəlik maddi yardım verilib. Birdəfəlik maddi yardım verilənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 nəfər (1,98 dəfə və ya 49,6 faiz), ödənilən vəsaitin məbləği 20560 manat (3,31 dəfə və ya 69,8 faiz) çox olub. Həmçinin Komissiyada müraciətinə baxılanlardan daha 3 nəfərin respublika daxilində müalicəsinə maddi yardım edilib, 10 nəfər əlilliyi olan şəxsin isə ölkə xaricində müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilməsi qərara alınıb”.
Hazırda DSTX-nin tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1030 nəfərin tam dövlət təminatında olduğunu qeyd edən Ç.Əliyev bu ilin ilk rübündə de-institusionalizasiya proqramının icrası çərçivəsində həmin müəssisələrdən 29 nəfərin, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çox şəxsin ailələrinə qayıtdığını qeyd edib: “Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 2015-ci ilin I rübündə 71 nəfər sağlamlıq imkanları məhdud gənc qəbul olunub və hazırda mərkəzdə 100 nəfərdən çox gəncin peşə reabilitasiyası həyata keçirilir. Eyni zamanda, cari ilin ilk rübündə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən respublika üzrə 13 min nəfərdən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib”. Hesabat dövründə 403 ədəd sanator-kurort yollayışının imtiyazlı kateqoriyalardan olan şəxslərə paylanıldığını qeyd edən Ç.Əliyev DSTX-nin digər fəaliyyət sahələrində görülən işləri də diqqətə çatdırıb.
İclasda sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunmaqla, xidmətin tabeliyindəki qurumların fəaliyyətində, əhaliyə xidmətin təşkilində yol verilən nöqsanlara da toxunulub və aidiyyəti şəxslərlə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.
Trend.az