Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” oteli istifadəyə verilib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri   “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” oteli istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri

 

“Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” oteli istifadəyə verilib

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri   “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” oteli istifadəyə verilib

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.

 

Dövlətimizin başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

 

“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.

 

Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nümunəsinə çevrilib. Bu çərçivədə “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

 

“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

 

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

 

“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.

 

“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirdi ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci otelidir. İlk otel olan “Pik Palace Şahdağ”ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. “Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Park Chalet”in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.

 

Dövlətimizin başçısı və xanımı otelin nömrələrində yaradılan şəraitlə tanış oldular.

 

Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Park Chalet” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet” otelində tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.

 

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

 

Kollektivin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

– Sizi salamlayıram. Bu gözəl otelin açılışı münasibətilə sizi təbrik edirəm. Şadam ki, hər il Şahdağda bir-birindən gözəl yeni otellər açılır. Bu otel – “Park Chalet” oteli sayca beşinci oteldir. Burada bütün lazımi şərait yaradılıb, otel ən yüksək standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı, bütün xidmət sahələri ən yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Çünki Şahdağ kurort mərkəzi bir neçə ildir ki, yaradılır. İlk dəfə altı il bundan əvvəl burada olarkən Azərbaycanda dağ xizəyi kurortunun yaradılması haqqında qərar qəbul etdim və 2009-cu ildə təməl daşı qoyuldu. O zaman bu ərazilər boş idi. Bu gözəl dağlar arasında gözəl turizm mərkəzi yaradılıbdır. Bu gün dünya səviyyəli turizm mərkəzidir. Bütün infrastruktur layihələri icra edildi, yollar, elektrik, qaz, su xətləri çəkildi. İlk növbədə, infrastruktur yaradılmalı idi. O layihələr icra edilməsə idi, burada otelin tikintisi mümkün olmazdı.

 

Ondan sonra birinci otel – “Şahdağ” oteli tikilmişdir. Daha sonra “Qaya”, “Zirvə”, “Pik Palas” və indi “Park Chalet”. Yəni, qısa müddətdə, təxminən 3-4 il ərzində Azərbaycanda dünya səviyyəli beynəlxalq turizm mərkəzi yaradılıbdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki adətən, belə turizm mərkəzlərinin yaradılması onilliklər tələb edir. Biz isə bunu 4-5 il ərzində yarada bilmişik. Burada həm dövlət vəsaitindən istifadə edilmişdir, – çünki bütün infrastruktur layihələri, elə birinci otel – “Şahdağ” oteli dövlət büdcəsi hesabına tikilmişdir, – həm də özəl sektor fəaliyyət göstərir. Belə də olmalıdır. Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə öz növbəsində, investisiyaları təşkil edir.

 

Bu zona, ümumiyyətlə, çox böyük inkişaf dövrünü yaşayır. Bu otellərdə – Şahdağ kurort mərkəzində işləyənlərin 80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridirlər. Yadımdadır, təməl daşını qoyanda demişdim ki, bu mərkəz, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Çünki turizm sektoru çoxsaylı iş yerlərinin açılmasına gətirib çıxarır. Nəzərə alsaq ki, biz hələ birinci mərhələdəyik, demək olar, bizim bütün planlarımız otellərin tikintisi ilə artıq reallaşıb. Ancaq Şahdağ turizm mərkəzinin əsas fəaliyyət dövrü bundan sonra başlayacaq. Çünki hazırda buraya gələn qonaqların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır ki, belə gözəl şərait olan yerdə Azərbaycan vətəndaşlarının indi dincəlmək üçün xaricə getmələrinə ehtiyac yoxdur. Ancaq ümid edirəm ki, gələcəkdə xarici qonaqların sayı da çoxalacaq. Beləliklə, burada – Qusar rayonunda inkişaf daha da sürətlə gedəcək.

 

Qusar rayonunun inkişafı daim diqqət mərkəzindədir. Həm abadlıq-quruculuq, infrastruktur işləri görülmüş, gözəl xəstəxana tikilmişdir. Məktəblər inşa olunur, yollar çəkilir. Bu mərkəz Azərbaycanda ən böyük turizm mərkəzidir və dövlət xətti ilə turizm infrastrukturuna qoyulan ən böyük vəsait Qusar rayonuna yatırılıb.

 

Bu mərkəzin gözəl gələcəyi var. Xarici qonaqlar artıq bu yeri tanıyırlar. İnternet saytları da var. Bu il Azərbaycanda keçiriləcək Avropa Oyunlarının qonaqları da əminəm ki, gələcəklər. Baxmayaraq ki, bu, oyunlar yay mövsümündə olacaq. Ancaq əminəm ki, bu mərkəz yay mövsümündə də uğurla fəaliyyət göstərəcək.

 

Hazırda buraya şənbə-bazar günlərində daha çox qonaq gəlir. Amma vaxt gələcək ki, bütün həftə boyu onların sayı çoxalacaq və əminəm, yay mövsümündə də bu mərkəz kifayət qədər səmərəli işləyəcək.

 

Turizm Azərbaycanda inkişaf edir. Bir neçə turizm mərkəzi yaradılıbdır. Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində – Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir. Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik. Belə gözəl, müasir otellər tikilir və Azərbaycan vətəndaşlarına xidmət edir.

 

Əlbəttə, Azərbaycanın ən böyük turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunmuşdur. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir.

 

İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək.

 

Çox şadam ki, mənim təşəbbüsüm qısa müddət ərzində reallaşır. Bu yerlərdə gözəl otellər, binalar, istirahət zonaları yaradılıb.

 

Sizə uğurlar arzulayıram və əminəm ki, yaxşı işləyəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Sağ olun.

 

 

 

X X X

 

 

 

Sonra xatirə şəkli çəkdirildi.

 

 

 

X X X

 

 

 

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.

 

Prezident İlham ƏLİYEV: Əminəm ki, xidmət ən yüksək səviyyədə olacaq. Azərbaycana gələn hər kəs burada təkcə gözəl mehmanxanalar deyil, həm də yüksək xidmət görməlidir.

 

Otelin əməkdaşı: Ona görə də çalışırıq ki, yerli kadrları cəlb edək.

 

Prezident İlham ƏLİYEV: Burada işləyənlərin 80 faizi yerli kadrlardır.

 

Otelin əməkdaşı: Bəli, o uşaqlar hamısı yerlilərdir. Bu gəncləri texnikumdan, kollecdən, haradan imkan var cəlb edirik. Mən Bakıdanam.

 

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Mən o vaxt elə də demişdim. Demişdim ki, burada çoxlu iş yeri yaradılacaq, başqa rayonlardan da buraya işləməyə gələcəklər.

 

Otelin əməkdaşı: Gəlirlər, Qubadan da var. Statistika aparılır.

 

Prezident İlham ƏLİYEV: Qubadan, Xaçmazdan gəlirlər. Sizə uğurlar arzulayıram, sağ olun.

 

Otelin əməkdaşları: Təşəkkür edirik. Çox sağ olun.

 

 

 

X X X

 

 

 

Onu da deyək ki, kompleksin ərazisində otellərə, bu otellərin avtomobil dayanacaqlarına, xizək yollarına, kanatlara və digər yerlərə rahat gedib-gəlmək üçün yeraltı tunellər də tikilib.

 

AzərTac.az