Tbilisidə NATO-nun təlim-tədris mərkəzi açılacaq
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze bu ölkədə akkreditə olunmuş hərbi attaşelər və NATO-nun Tbilisidəki ofisinin nümayəndəsi ilə görüşüb.
Azərbaycan nümayəndəsinin də iştirak etdiyi görüşdə Gürcüstan Silahlı Qüvvələrində 2014-cü ildə həyata keçirilmiş islahatlar və yeniliklər barədə məlumat verilib. Bildirilib ki, Gürcüstan Silahlı Qüvvələrinin əməkdaşları dünyada gedən antiterror əməliyyatlarında fəal iştirak edirlər. Ölkəsinin NATO ilə əməkdaşlığından bəhs edən general-mayor deyib ki, yaxın vaxtlarda Tbilisidə NATO-nun təlim-tədris mərkəzi açılacaq.
Baş Qərargah rəisi Gürcüstanın qarşılaşdığı problemlərdən, xüsusən də ərazi bütövlüyünün pozulması faktından, eləcə də regionda və dünyada baş verən hadisələrdən danışıb.
V.Kapanadze, həmçinin Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə qarşı olan ciddi təhdidlərə diqqəti cəlb edib, Gürcüstanın bölgədə sülhün tərəfdarı olduğunu bildirib.
Görüşdə Ukraynada baş verən hadisələr, İŞİD-in təhdidləri, bir çox ölkələrdən, o cümlədən Gürcüstan da daxil olmaqla digər Cənubi Qafqaz ölkələrindən gənclərin aldadılaraq Suriyaya aparılmalarından narahatlıq ifadə olunub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə bütün dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hallara, terrora və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin önəmi vurğulanıb.
AzərTac.az