Qorxmaz Hüseynov ölkənin içməli su təminatından danışdı
“Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir”.
Trend-in məlumatına görə, bunu yanvarın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.
Q.Hüseynov deyib ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir: “Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir.
Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Möhtərəm Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur”.
Onun sözlərinə görə, 2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur: “Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir.
Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır.
Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər sakinləri fasiləsiz su ilə təmin olunmuşlar”.
Q.Hüseynov deyib ki, Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilmişdir: “Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000 abonent smart sayğacla təmin olunmuşdur.
Gəncə şəhərinin digər su mənbəyi – Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.
Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaradılmışdır. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə işləri davam etdirilir.
Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa çatdırılmışdır.
2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu – İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılmışdır. “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaqdır.
Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir.
Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.
Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.
Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək” fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz daha əzmlə çalışacaqdır”.
Trend/az