Yehovanın Xristian Şahidləri bu dəfə Ombudsman Aparatında olublar

Posted by

Yehovanın Xristian Şahidləri bu dəfə Ombudsman Aparatında olublar

Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında qəbul ediliblər.

 

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndələri, din azadlığı üzrə müşavir Mark Hansen, həmin Assosiasiyanın rəhbər Komitəsinin sədri Vasiliy Kalin və bu dini təriqətin yerli icmasının təmsilçiləri Ombudsman Aparatında qəbul ediliblər.

 

Görüşdə Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu diqqətə çatdırıb. Ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə cəmiyyət və dini birliklər, konfessiyalar, təriqətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi bildirilib, bu sahədə milli qanunvericiliyin Avropa standartlarına tam cavab verdiyi vurğulanıb. Azərbaycan ombudsmanı Elmira Süleymanovanın vidan azadlığının təmini sahəsində gördüyü işlər barədə ətraflı danışılıb.

 

Aparatın şöbə müdiri Zaur Əliyev müvəkkilin müxtəlif dinlərin nümayəndələri ilə sıx əlaqələr saxladığını, dini icmalar daxil olmaqla “Din vasitəsilə sülh mədəniyyəti” dinlərarası şuranın yaradılmasını təklif etdiyini qonaqların diqqətinə çatdırıb. Müvəkkilin təşəbbüsü üzrə müxtəlif dini konsessiyaların nümayəndələrinin iştirakı ilə dini etiqad azadlığının təmini istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.

 

Daha sonra qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, onlar Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi vəziyyəti ilə bağlı fikir mübadiləsi üçün təşəkkürlərini bildiriblər.

 

Görüşün sonunda qonaqlara beş dildə hazırlanmış Ombudsman haqqında Konstitusiya Qanununun nüsxələri təqdim edilib.

 

Trend.az