Finlandiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan elementlər artıq mövcuddur

Posted by

Finlandiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan elementlər artıq mövcuddur“Hər iki tərəf təmkin nümayiş etdirməli və yekun nizamlanma istiqamətində işləri davam etdirməlidir”

Finlandiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazım olan elementlər artıq mövcuddur

“ATƏT-in Minsk Qrupunun üzvü olan Finlandiya üç həmsədrin və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin səylərini səmimi qəlbdən dəstəkləyir”. Bunu APA-ya açıqlamasında Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin Azərbaycan, Gürcüstan və Ermənistan istiqamətləri üzrə siyasətə məsul olan bölməsinin rəhbəri Virpi Kukasniemi-Leino bildirib.

 

Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginliyin artması, danışıqların və ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin nəticə verməməsini şərh edən finlandiyalı diplomat deyib ki, rəsmi Helsinki prosesi davamlı şəkildə izləyir: “1995-96-cı illərdə ATƏT-in Minsk Qrupunun həmsədri olan, 2008-ci ildə isə ATƏT-ə sədrlik edən Finlandiya Minsk Qrupunun üzvü kimi indi də Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlayır və münaqişənin nizamlanmasına fəal maraq göstərir. Finlandiya həmçinin Avropa İttifaqının üzvüdür. Aİ-nin bu yaxınlarda bəyan etdiyi kimi, hər iki tərəf təmkin nümayiş etdirməli və sülh istiqamətindəki səylərini artırmalıdır”.

 

Diplomat qeyd edib ki, Finlandiya XİN gərginliyin artdığı bir zamanda tərəflər arasında qarşılıqlı etimadı artıracaq bütün tədbirləri dəstəkləyir: “Monitorinq yaxşı vasitədir və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işi çox dəyərlidir. Onun mandatından tam yararlana bilməsi çox önəmlidir və bu istiqamətdə ona bir maneə də yoxdur. Son insidentlər və təmas xəttindəki təhlükəsizliklə bağlı vəziyyət həqiqətən də narahatlıq doğurur”.

 

Danışıqların 20 ildən çox uzanması və Minsk Qrupunun formatında mümkün dəyişikliklər barədə sualı şərh edən V. K. Leinonun sözlərinə görə, mandatda, formatda və ya digər məqamlarda dəyişikliklər barədə düşünmək yerinə, yekun nizamlanma istiqamətində işləri davam etdirmək daha vacibdir: “Bu, yaxşı haldır ki, Azərbaycan və Ermənistan prezidentləri ötən il 3 dəfə görüşüblər. Münaqişənin həlli üçün lazım olan elementlər artıq mövcuddur. Aİ-nin də bəyan etdiyi kimi, yekun nizamlanma üçün baza rolunu ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatlarındakı elementlər oynaya bilər. Tərəflər razılığa gəlmək üçün özlərində siyasi iradə tapmalıdırlar. Avropa İttifaqının da üzv ölkəsi kimi, bunu deməliyik ki, Aİ sülh quruculuğu istiqamətindəki fəaliyyətləri dəstəkləməyə, kömək göstərməyə hazır olduğunu bəyan edib. Həmçinin xalqlar arasındakı təmas və QHT-lərin işi də bu istiqamətdə önəmli rol oynayır. Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari tərəfindən yaradılmış “Böhranların idarə edilməsi təşəbbüsü” təşkilatının bu istiqamətdə işlərini misal göstərmək olar”.

 

Apa.az