Milli Məclisin Regional məsələlər komitəsi hesabat verdi
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclası açıq elan edən komitə sədri Arif Rəhimzadə komitənin 2014-cü il payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib.
A.Rəhimzadə bildirib ki, komitənin 2014-cü il payız sessiyasında 7 iclası keçirilib: “İclaslarda 13 məsələ müzakirə olunub ki, onlardan 11-i qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb. Onlardan 72-si araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. 2014-cü il payız sessiyasında komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib”.
Daha sonra çıxış edən komitə üzvləri təmsil olunduqları komitənin 2014-cü il payız sessiyasında gördüyü işlərdən danışıblar.
İclasda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri 2015-cü il yaz sessiyasında görəcəkləri işlərin planını təsdiq ediblər.
Sonda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə dəyişikliklər edilib.
Trend/az