Əli Həsənov: QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib

Posted by

Əli Həsənov: QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib

 

 

Əli Həsənov: QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib

 

Əli Həsənov: QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda iştirak edib.

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

 

Bildirilib ki, ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib, 13 xarici ölkədə 27 layihə icra olunub. Həyata keçirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar təşkil edilib, 8 film, 5 sayt hazırlanıb. Ümumilikdə Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.

 

Azərbaycanın dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biri kimi 2014-cü ildə də QHT-lərin fəaliyyətində başlıca yeri tutub. Bununla əlaqədar, QHT-lər Avropanın müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrində “Qarabağ” guşələri yaradıb, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Həmçinin Şura 2014-cü ildə Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin layihələrini dəstəkləyib.

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq” kampaniyasına start verilib. Bir çox dövlət qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilib. Həmçinin dövlət idarəçiliyi və ölkəmizin ictimai həyatı, o cümlədən idarəetmə strukturlarına ictimai nəzarətin təmin olunması baxımımdan mühüm əhəmiyyət kəsb edən “İctimai iştirakçılıq haqqında” Qanunun icrasına başlanılıb.

 

Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

 

Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda üçüncü sektorun təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq, ölkədə ictimai sektorun 20 ildir fəaliyyət göstərdiyini söyləyib.

 

Əli Həsənov deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi yeddi ildə Azərbaycan cəmiyyətində artıq öz yerini təsdiqləyib. 2008-2014-cü illər ərzində Şura tərəfindən layihələrə 20 milyon manatdan artıq vəsaitin xərclənməsi də bunu sübut edir. Şura Azərbaycan Prezidentinin onun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib.

 

Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşdığını, ölkəmizdə 3000-dək QHT fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov deyib: “Qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru dünyada ən nümunəvi sektorlardan biridir. Ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrant verilir. Amma bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində bizə ağıl öyrətmək istəyən bəzi dairələrin, dövlətlərin QHT-lərə verdikləri qrantlara baxın: İllərdir o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım gələndə Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Bu günlərdə ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun keçirdiyi dinləmələrdə Azərbaycanı təmsil edən QHT-lərə baxın! Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki, Azərbaycanın ərazi bütövlünü pozan, milli dövlətçiliyimizə qarşı çıxan separatçı rejimi təmsil edən “QHT-lər”lə bir araya gəlib heç bir etiraz etmədən, heç bir münasibət bildirmədən Azərbaycandakı vəziyyətə “postulatlar” çərçivəsində təhlil etdilər. Etsinlər, bu, onların öz işidir. Amma heç kəs Azərbaycana ağıl öyrətməsin, demokratiya dərsi keçməyə çalışmasın. Azərbaycana üçüncü sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsin. Qondarma “Dağlıq Qarabağ respublikası”nı təmsil edən şəxslər və “QHT”lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə həmin “QHT-lər”dən heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi antiazərbaycan qüvvələrdən qisas almağa çalışır. Xeyr. Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir.

 

Əli Həsənov qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Qərb ölkələrində insan hüquqlarının, o cümlədən üçüncü sektorun fəaliyyəti təhlil olunub. Bu təhlil qərəzli şəkildə yox, tam obyektiv, heç bir kənar müdaxilə olmadan, əvvəlcədən müəyyən edilmiş mülahizə ortaya qoyulmadan həyata keçirilib. Təhlillər belə olmalıdır, kimisə idarə etmək, kiminsə müstəqil milli iradəsinə təzyiq göstərmək, kiminsə dövlət maraqlarını subyektiv mülahizələr istiqamətində dəyişmək məqsədi daşımamalıdır.

 

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, 2015-ci ildə bütün sahələrdə olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Şurası və onun qrantları çərçivəsində fəaliyyət göstərən QHT-lərin qarşısında bir çox prioritetlər dayanır. Vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən üçüncü sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi müxtəlif sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidirlər.

 

“2015-ci ilin prioritetləri sırasında həm cəmiyyətdə və dövlət qurumlarının fəaliyyətində, həm də QHT sektorunun özündə şəffaflıq məsələsi yenə də önəmli yer tutur”, – deyən Əli Həsənov bildirib ki, bununla bağlı bəzi təşəbbüslərimiz olub, Milli Məclis qanunlara dəyişikliklər edib. Bəzi subyektiv maraqlı qüvvələr bizi tənqid edirlər ki, guya bu sahədəki fəaliyyəti çətinləşdiririk. Xeyr. Biz heç nəyi çətinləşdirmirik, şəffaflaşdırırıq. Hər bir fəaliyyət cəmiyyətə bəlli olmalıdır. Əgər cəmiyyətin bu fəaliyyətdən xəbəri yoxdursa, onun cəmiyyətin maraqlarına xidmət etməsi də sual doğurur. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu şuraların fəaliyyəti ayrı-ayrı sahələr üzrə QHT-lərin iştirakını da təmin edir. Mərkəzi icra hakimiyyəti, hüquq mühafizə orqanlarının, sosial strukturların fəaliyyətində, məktəbdən tutmuş ən yüksək dövlət orqanlarınadək şəffaflıq dövlətin vahid prinsipidir. Buna, eyni zamanda, QHT-lər də qoşulmalı, dəstək verməlidir.

 

Konfrans müzakirələrlə davam edib, müxtəlif QHT-lərin nümayəndələrinin təklifləri dinlənilib.

 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov təkliflərlə münasibət bildirib.

 

Sonda ötən il fərqlənmiş bir sıra QHT-lərin nümayəndələrinə diplomlar təqdim edilib.

 

AzərTac.az