20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb

Posted by

20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb

20 Yanvar faciəsini Litva ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlər görülüb

20 Yanvar faciəsinin Litva ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Azərbaycanın Litvadakı səfirliyi tərəfindən bir sıra tədbirlər görülmüşdür.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə tarixçi-alim Alqimantas Lekis və jurnalist Gintaras Visotskas tərəfindən 20 Yanvar faciəsi ilə bağlı yazılmış məqalə KİV-lərdə dərc edilmiş, Litva Seymində (parlament) 20 yanvar 1990-cı il Bakı və 13 yanvar 1991-ci il Vilnüs faciələrinə həsr olunmuş tədbirlər keçirilmişdir.

 

İlk olaraq Seymin foyesində Litvanın müstəqilliyi bərpa edildikdən sonra dövlət başçısı olmuş Vitautas Landsberqisin “Günah və bağışlanma: 13 yanvar hadisələri” kitabının ingilis dilində nəşrinin təqdimatı, daha sonra isə Seymin Konstitusiya zalında “Bakı-Vilnüs: Azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” adlı konfrans keçirilmişdir.

 

Kitabın təqdimatında Seymin üzvləri və Litvanın ictimai-siyasi xadimləri iştirak etmişlər. Müəllif kitabında 13 yanvar Vilnüs hadisələri bağlı tarixi sənədləri təqdim edərək, o dövrdə Litvada cərəyan edən hadisələrə dair ətraflı məlumat vermişdir. Kitabda 20 yanvar Bakı hadisələrindən də bəhs olunmuşdur.

 

Seymin Konstitusiya zalında keçirilmiş tədbirdə Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis, Litva Respublikası Seyminin sədr müavini, seymin sabiq sədri (2009-2012-cü illərdə) İrena Dequtiene, Seymdə GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mantas Adomenas və Seyminin deputatları, Litvanın 2014-cü il üzrə Azadlıq mükafatının laureatı, Polşanın keçmiş dessidenti, Polşanın “Gazeta Wyborcza” qəzetinin baş redaktoru Adam Mixnik, Litva 13 yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas və cəmiyyətin üzvləri, ictimai-siyasi xadimlər, tanınmış tarixçilər, politoloqlar, qeyri hökumət təşkilatlarının rəhbərləri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan Mantas Adomenas azadlığın asan əldə edilmədiyini qeyd edərək bildirmişdir ki: “13 yanvarda biz öz müstəqilliyimiz uğrunda mübarizə aparırdıq, bu gün isə tam əminliklə deyə bilmərik ki, həmin günlər təkrarlana bilməz”. O, Bakı və Vilnüs hadisələrin eyni ssenari üzrə həyata keçirildiyini qeyd edərək, yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etmişdir.

 

Səfir Həsən Məmmədzadə öz çıxışında Azərbaycan da öz 13 yanvarını yaşadığını: 20 yanvar 1990-cı ildə sovet ordusunun 30 min hərbçisinin Azərbaycanın paytaxtına və ölkənin digər şəhərlərinə daxil olduğunu bildirərək, 20 yYanvar faciəsi haqqında ətraflı məlumat vermişdir. Onların əsas məqsədi müstəqillik uğrunda hərəkatın boğulması və ölkədə kommunist rejiminin dağıdılmasının qarşısının alınması olmuşdur.

 

Səfir keçmiş sovetin təcavüzünə məruz qalmış dövlətlərə münasibəti müqayisə edərək bildirmişdir: “Son hadisələr və beynəlxalq hüquq və prinsiplərin pozulması bizi daha da birləşdirməlidir. Dünyanın bir hissəsində ərazi bütövlüyü prinsipi o biri hissəsindəkindən vacib olmamalıdır. Xalqların müstəqilliyinə münasibət eyni olmalıdır, dövlətlərin ərazi bütövlüyü prinsipi müzakirə mövzusu olmamalıdır. Biz işğalçıların bütün hərəkatını qınamalıyıq – yaxşı və pis cinayətkar olmadığı kimi, yaxşı və pis terrorist də yoxdur”.

 

Litvanın ilk dövlət başçısı V.Landsberqis çıxış edərək ölkələrimizi azadlıq uğrunda canını vermiş məzlumların qanı birləşdirdiyini qeyd etmişdir. O, hər iki dövlətin eyni tale yaşadığını vurğulayaraq bildirmişdir ki, “əgər bizim xalqlarımıza təhlükə təhdidi varsa, biz birləşərək bir qüvvə olmalıyıq”. V.Landsberqis Cənubi Qafqazda vəziyyətin asan olmadığını və bu ağır vəziyyətdə Azərbaycana dəstək verməyə hazır olduqlarını vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanı bu günədək təhdid edirlər, ancaq bütün bunlara baxmayaraq Azərbaycan düzgün istiqamətdə hərəkət edir.

 

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Seymin xarici əlaqələr komitəsinin sabiq rəhbəri Emanuel Zinqeris öz çıxışında iştirakçıların diqqətini Tbilisi-Bakı-Vilnüs qanlı hadisələrin müqəssirlərinin hələ də cəzalandırılmadıqları məsələsinə yönəltmişdir. Onun sözlərinə görə müqəssirlərin gizlədilməsi və hadisələrin ört-basdır edilməsi onun təkrarlanmasına gətirib çıxara bilər.

 

Daha sonra çıxış edən 13 yanvar Zərərçəkənlər Cəmiyyətinin rəhbəri Arnoldas Barisas tədbirin təşkilinə görə səfirliyə öz minnətdarlığını bildirmiş və 2013-cü ildə Vilnüs və Bakı hadisələri ilə bağlı səfirliklə birgə Seymdə keçirilmiş tədbirə həsr olunmuş kitabı səfir Həsən Məmmədzadəyə təqdim etmişdir. Zərərçəkənlər cəmiyyətinin rəhbəri Vilnüs və Bakı hadisələrinin bir-birindən yalnız tarixləri ilə fərqləndiyini qeyd edərək, hadisələrin digər dövlətlərdə də təkrarlanmaması üçün diqqətli olmağa çağırmışdır.

 

Tədbirdə Heydər Əliyevə həsr olunmuş “Hakimiyyət yükü” filmindən 20 Yanvar faciəsi ilə bağlı görüntülər və Vilnüs hadisələrinə dair video çəkiliş nümayiş olunmuş, zalının qarşısında 20 Yanvar faciəsi ilə bağlı foto-sərgi nümayiş edilmişdir.

 

Tədbir iştirakçıları tərəfindən 13 yanvar Vilnüs faciəsi qurbanlarının xatirə kompleksinin önünə əklil qoyulmuşdur.

 

Səfir Həsən Məmmədzadə 20 Yanvar faciəsi ilə bağlı Litvanın “LTR” teleradio kanalına müsahibə vermişdir.

 

Anım mərasimi ilə bağlı Litvanın LRT və “Penki TV” telekanallarında materiallar nümayiş edilmiş , tədbir Seymin televiziyasında və internet saytında birbaşa yayımlanmış, “ELTA”, “respublika.lt”, “pozela.lt”, “slaptai.lt” informasiya agentlikləri və internet portallarında yazılar dərc olunmuşdur.

 

Trend/az