Azərbaycan Bakı 2015 Avropa Oyunlarında davamlı rabitəni təmin edəcək
Bu il Bakı 2015 Avropa Oyunları yarışlarının keçiriləcəyi obyektlərdə fasiləsiz rabitənin təmin edilməsi üçün dövlət operatorlarının və respublikanın digər dövlət idarələrinin mövcud kabel infrastrukturundan istifadə olunacaq. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.
Nazirliyin məlumatına görə, RYTN tərəfindən görüləcək daha mühüm işlər arasında optik-lif infrastrukturunun tikintisi, tezlik spektrinin mühafizəsi və göstərilən mobil rabitə xidmətlərinin keyfiyyətinin təmin olunmasına dair işlər olacaq.
Qurumdan bildiriblər ki, yarışların və ilk Avropa Oyunları çərçivəsindəki digər tədbirlərin keçiriləcəyi obyektlərdə optik infrastrukturun yaradılması işləri tamamlanma mərhələsindədir: “Əvvəllər optik şəbəkənin tikintisi 700 min manat səviyyəsində qiymətləndirilirdi. “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat birliklərinin mütəxəssisləri tərəfindən daxili imkanların qiymətləndirilməsi üzrə böyük iş görülüb. Bunun sayəsində xüsusi xərclər ayrılmadan bu məsələ həll olunub”.
Hazırda paytaxtın optik infrastrukturu demək olar ki, hazırdır. Təxminən 253 kilometr uzunluğunda optik rabitə xətlərinin çəkilməsi üzrə işlər həyata keçirilib. Bundan başqa, Azərbaycanın Mingəçevir şəhərindən (Olimpiya kəndindən, Oyunların keçiriləcəyi və idmançıların olacaqları yerlərə) Bakıdakı Beynəlxalq Yayım Mərkəzinə qədər məlumatların fasiləsiz axınının təmin olunması üçün hər birinin buraxılış qabiliyyəti bir qiqabit olmaqla iki xətdən (əsas və alternativ) istifadə olunacaq.
Sabit əlaqənin təmin olunması üçün dövlət rabitə operatorlarının və Azərbaycanın başqa dövlət idarələrinin şəbəkələrindən istifadə ediləcək. Məsələn, Ağdaş rayonuna qədər fasiləsiz informasiya axınının təmin olunması üçün “Aztelekom”un şəbəkəsi cəlb ediləcək. Şəbəkə “Azərenerji” ASC-nin şəbəkəsi ilə birləşdiriləcək və su elektrik stansiyasından ATS-ə qədər Fövqəladə Hallar Nazirliyinin optik xəttindən istifadə olunacaq. Əks əlaqə üçün Daxili İşlər Nazirliyinin optik infrastrukturu cəlb ediləcək.
RYTN-dən deyildiyi kimi, “Bakı Telefon Rabitəsi” İB-in telekommunikasiya qovşağı ilə birləşdiriləcək mövcud “Trans-Asiya-Avropa” kabel magistralından alternativ xətt kimi istifadə olunacaq: “Bunun üçün tikintisi fevralın 1-dək başa çatacaq təxminən beş kilometrlik optik rabitə xəttinin çəkilməsi tələb olunur və bundan sonra şəbəkənin yaradılması işlərinə başlanacaq”.
Şəbəkələrin yaradılması üçün nazirliyin Məlumat Hesablama Mərkəzinin proqram-aparat komplekslərindən, AzDATACOM və başqa strukturlar şəbəkələrindən istifadə ediləcək.
Məlumatda deyilir: “İlk Avropa Oyunlarının keçirildiyi dövrdə tezliklərin mühafizəsi məsələsi xüsusi əhəmiyyət kəsb edəcək. Bu məqsədlər üçün nazirliyin Dövlət Radiotezliklər İdarəsinin aldığı zəruri avadanlıqlardan istifadə olunacaq və sınaq işləri yanvarın sonundan başlanacaq”.
Nazirliyin məlumatına görə, telekommunikasiya infrastrukturunun fasiləsiz işləməsindən ötrü “Azerspace-1” milli peykinin resurslarından da istifadə olunacaq.
Hazırda informasiya təhlükəsizliyinin təminatı üçün DDoS hücumlarından müdafiə üçün lazımi infrastruktur yaradılır. İnfrastrukturun işləmə qabiliyyətinin ekspertizasının keçirilməsi üçün NCC şirkəti cəlb edilib.
Mobil rabitə şəbəkələrinin sabitliyinin təminatı üçün “Azercell Telecom” şirkəti Bakı Olimpiya Stadionunda və Milli Gimnastika Arenasında xüsusi avadanlıqlar quraşdırıb. Analoji işlər Bakıdakı Su İdmanı Sarayında “Bakcell” şirkəti tərəfindən keçirilib.
Daxili əlaqə üçün TETRA rəqəmli trankinq standartından istifadə ediləcək. İnformasiya-sorğu mərkəzinin yaradılması və Wi-Fi-ya çıxış nöqtələrinin quraşdırılması üzrə işlər paralel aparılır.
Trend/az