Son bir ildə 527 min 574 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilməsinə xüsusi diqqət yetirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, ötən il DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527 min 574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 468 min 434 manatı (88,8 faiz) əmək haqlarından, 33 min 932 manatı (6,4 faiz) zərərə görə ödənclərdən, 25 min 208 manatı (4,8 faiz) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.
Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81 faizi sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18,6 faiz) və tikinti sektoruna (22,6 faiz) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub. Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.
AzərTac.az