Riqada “Avropa inkişaf ili” açıldı

Posted by

Riqada “Avropa inkişaf ili” açıldı

Riqada “Avropa inkişaf ili” açıldı

 

Riqada “Avropa inkişaf ili” açıldı

Yanvarın 1-dən Latviya yarım il müddətinə Aİ Şurasına sədrlik edən dövlət oldu. Bu günlərdə ölkə rəsmən və təntənəli olaraq “Avropa üzrə növbətçiliyi” qəbul edib. Bu münasibətlə Latviyanın “İşıq qəsri” Milli Kitabxanasında “Avropa inkişaf ili”nin başlanması mərasimi keçirilib. Mərasimdə Latviyanın Baş naziri Laymdota Strayuma, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Aİ-nin təxminən 300-dək yüksək vəzifəli nümayəndəsi – beynəlxalq əməkdaşlıq və inkişaf komissarı Neven Mimitsa, ətraf mühit, dəniz işi və balıqçılıq məsələləri üzrə komissar Karmenu Velya, BMT İnkişaf Proqramının Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Cihan Sultanoğlu, habelə Aİ-yə üzv ölkələrin inkişaf nazirləri iştirak ediblər. “Avropa inkişaf ili” mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov da iştirak edib.

 

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirilib ki, “Avropa inkişafı ili”nin məqsədi cəmiyyəti Aİ haqqında və inkişafda əməkdaşlıq üzrə milli siyasəti barədə məlumatlandırmaq, həmçinin onun əhəmiyyətini və üstünlüklərini bütün iştirakçı dövlətlərə izah etməkdir. Bu il ərzində BMT-nin üzv dövlətləri qlobal inkişafın 2015-ci ildən sonrakı yeni mərhələsi haqqında razılığa gəlməlidirlər, buna görə də inkişaf məqsədilə siyasi əməkdaşlığın rolu barədə cəmiyyəti məlumatlandırmaq və onu sonrakı məqsədlərin reallaşdırılmasına cəlb etmək çox vacibdir.

 

“İşıq qəsri” Milli Kitabxanasında Avropa komissarları inkişaf və əməkdaşlıq haqqında daha çox danışıblar, lakin regional təhlükəsizlik konteksti də diqqətdən kənarda qalmayıb.

 

Latviyanın baş naziri Laymdota Strayuma öz ölkəsinin Aİ Şurasında sədrliyinin rəsmi açılış mərasimində çıxış edərək bildirib ki, Aİ-nin üzvü olan 28 ölkənin hər biri iddialı məqsədlər yolunda daha sıx fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, bir insan digərindən fərqləndiyi kimi, ölkələr və bu ölkələrin iqtisadiyyatları da fərqlənə bilər. O deyib: “Lakin bir-birini tamamlamağın ən yaxşı modelini axtarmaq məsələsi, əvvəlki tək, vahid Avropanın məqsədi olaraq qalır ki, Avropanın müxtəlifliyindən onun ümumi yüksəlişinin xeyrinə olsun. Qlobal sərmayədarları yalnız öz ambisiyalarından qorxmayan, orijinallığı, təzə ideyaları ilə cazibədar Avropa İttifaqı cəlb edə bilər.

 

Avropa Parlamentinin iqtisadi və sosial məsələlər komitəsinin sədri Anri Malos “Avropa inkişaf ili”nin başlanması mərasimində deyib ki, bu gün Avropanın əsas düşmənləri terrorizm, yoxsulluq və yetərincə inkişaf etməməkdir. Anri Malos Avropada bərabər hüquqlara əsaslanan dəyərlər haqqında dialoqun vacibliyini vurğulayaraq deyib: “Danışıqlarda tərəfdaşlarımıza hörmət etmək lazımdır. Dini müxtəlifliyə hörmət etməliyik. Vətəndaş cəmiyyətini nəzərə almalıyıq”.

 

Latviyanın Avropa İttifaqında sədrliyi enerji sektorunda radikal dönüşlər vəd etmir, lakin enerji siyasətində ümumi dəyişikliyi artıq indidən nəzərə almaq lazımdır – bunlar Latviyanın Aİ Şurasına sədrliyinin açılışı çərçivəsində Avropanın yüksək vəzifəli şəxslərinin enerjiyə həsr edilən diskussiyalarının nəticələridir.

 

Qeyd edək ki, Latviya Aİ Şurasında sədrliyi dövründə Avropa Enerji İttifaqının inkişafında əhəmiyyətli irəliləyişə nail olmağı, vahid enerji bazarının inkişafına kömək etməyi, eləcə də enerji təchizatının təhlükəsizliyini möhkəmlətməyi qarşısına məqsəd qoyub.

 

Tematik ilin açılışı çərçivəsində baş nazir Laymdota Strayuma Avropa Şurasının başçısı Donald Tusk ilə görüşüb. Avropa Şurasının başçısı bildirib ki, Latviyanın Aİ-də sədrliyi çox çətin zamanda başlanır, geosiyasi vəziyyət, indi isə üstəlik, terrorizm – bu məsələləri bütün Avropada həll etmək lazım gələcək və bu yolda ilk addımlar artıq məlumdur. Latviya Avropa növbəsində yerini tutmaqla təhlükəsizliyə təhdidlər, Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar kimi reallıqlarla qarşılaşmalı olacaq.

 

AzərTac/az