Uşaq hüquqlarının qorunması istiqamətində növbəti addım
Milli Məclisin yaz sessiyasında “Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bu barədə Trend-ə parlamentdən məlumat verilib.
Qeyd olunub ki, qanun layihəsi üzrə işlər tamamlanmaq üzrədir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri cəlb olunublar.
Məlumatda o da bildirilir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, parlamentdə Avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur və bu qanun da onlardan biri olacaq.
Həmçinin qeyd olunub ki, “Yuvenal ədliyyə haqqında” qanunun qəbul olunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin icrası, həmçinin Azərbaycanda mükəmməl yuvenal ədliyyə sisteminin formalaşması üçün irəliyə doğru atılmış addım olacaq, uşaqların ən yaxşı maraqlarının təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.
Trend.az