MDB-də ilk olaraq Azərbaycana “Boeing 787 Dreamliner” təyyarəsi gətirilib
“Boeing” şirkəti və “Azərbaycan Hava Yolları” QSC (AzAL) bu gün ilk “787 Dreamliner”in Azərbaycana təhvil verildiyini elan edib.
“APA-Economics”in “Boeing”in rəsmi saytına istinadən verdiyi məlumata görə, AzAL bununla MDB-də “787”-ni idarə edən ilk aviaşirkət olacaq.
Qeyd edək ki, bu təyyarə Bakıdan uzun məsafəli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulur. “Boeing 787” texnoloji cəhətdən inkişaf etmiş, sərnişin məmnunluğuna xidmət edən yüksək keyfiyyətli təyyarələr sinfinə daxildir. Təyyarə həmçinin 20% az yanacaq sərfiyyatına malikdir.
““Azərbaycan Hava Yolları” QSC-yə regional və beynəlxalq səviyyədə öz rəqabətliliyini artırmağa imkan verəcək bu təyyarələri aldığımız üçün məmnunluq duyuruq”, – deyə QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
“Boeing” şirkətinin Orta Şərq, Rusiya və Mərkəzi Asiya üzrə nümayəndəsi Marti Bentrott isə deyib ki, şirkət uçuşların genişləndirilməsinə və biznesinin inkişafına kömək etmək üçün Azərbaycanın məhz “787 Dreamliner” təyyarələrini seçməsindən məmnundur: “Biz Azərbaycan Hava Yolları ilə əməkdaşlığa görə qürur duyur, regionda bu təyyarələrə sahib olan ilk dövlət olduğu üçün Azərbaycanı təbrik edirik. Əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümid bəsləyirik”.
Qeyd edək ki, hazırda AzAL-ın təyyarə parkında “Boeing 757-200”, “Boeing 767-300”, “Airbus 319”, “Airbus A320”, “Airbus A340-500”, “Embraer ERJ” təyyarləri yer alır.
Apa.az