Əbülfəs Qarayev İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sessiyasında iştirak edəcək
Noyabrın 25-dən 28-dək İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində nazirlərin 30-cu sessiyası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edəcək.
COMCEC-in yaranmasının 30 illiyinə həsr olunmuş sessiyanın mövzusu “İƏT-ə üzv olan dövlətlərdə turizm sahəsinin inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu” olacaq.
Nazirlikdən bildiriblər ki, sessiya ərəfəsində biznes-forum və sərginin təşkili planlaşdırılır. Tədbir çərçivəsində COMCEC-in maliyyə dəstəyi ilə nazirlik tərəfindən həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı da nəzərdə tutulur.
Apa.az