Azərbaycan və Almaniya elmi ictimaiyyətləri arasında əməkdaşlıq imkanları müzakirə ediləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.
Akademiyadan Trend-ə verilən məlumata görə, bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən noyabrın 2-nə qədər Berlində Azərbaycan diasporunun elmi nümayəndələri ilə görüşəcək.
Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan-Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda “dəyirmi masa”, həmçinin Berlin Elmlər Akademiyası və Humboldt Universitetinin Azərbaycan tarixi fakültəsində bir sıra görüşlər keçiriləcək.
Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edəcəklər.
Trend.az