28 May-Respublika Günü münasibətilə İndoneziyada rəsmi qəbul təşkil edilmişdir

Posted by

28 May-Respublika Günü münasibətilə İndoneziyada rəsmi qəbul təşkil edilmişdir

28 May-Respublika Günü münasibətilə İndoneziyada rəsmi qəbul təşkil edilmişdir

28 May-Respublika Günü münasibətilə İndoneziyada rəsmi qəbul təşkil edilmişdir

Azərbaycanın İndoneziyadakı səfirliyi 28 May – Respublika Günü və “İrs-Warisan” jurnalının təqdimatı münasibətilə “JW Marriott” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Qəbulda İndoneziya parlamentinin üzvləri, siyasi partiyaların rəhbərləri, ictimai və siyasi xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, ARDNŞ-in Sinqapurdakı nümayəndəliyinin əməkdaşları, İndoneziya-Azərbaycan parlament işçi qrupunun, Azərbaycan və türk diasporunun üzvləri və jurnalistlər iştirak etmişlər.

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev tədbiri açaraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat vermiş, onun demokratik prinsiplər əsasında qurulduğunu vurğulamışdır. O, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olduğunu qeyd etmişdir.

T.Qarayev müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı daxili və xarici qarşıdurma ilə mübarizədə Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin ölkəni xilas etməsinə, 1920-ci ildə baş vermiş faciənin yenidən təkrar edilməsinin qarşısını almasına diqqəti cəlb etmişdir.

T.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməsi, Azərbaycanda aparılan demokratik proseslər, ölkənin iqtisadi inkişafı, beynəlxalq aləmdə və regionda artan nüfuzu barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.

Azərbaycan-İndoneziya əlaqələrinə toxunan səfir 2014-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 22 illiyinin qeyd olunacağını nəzərə çatdırmış, siyasi cəhətdən münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Dövlətlərimiz arasında ticari əlaqələrin sürətlə inkişaf etdiyi, 2013-cü ildə təxminən 2,7 milyard ABŞ dollarına çatdığı, lakin bunun əsasən Azərbaycandan İndoneziyaya xam neftin ixracı ilə bağlı olduğunu qeyd edən səfir digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışdır. T.Qarayev bildirmişdir ki, iki dövlət arasında qarşılıqlı yüksək səviyyəli səfərlər, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və digər məsələlər üzrə ciddi işlər aparılır. O, Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin yaxın beş ildə iki, üç dəfə artacağına ümidvar olduğunu qeyd etmişdir.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə İndoneziya hökumətinə və xalqına minnətdarlıq ifadə etmişdir.

İndoneziyanın kənd təsərrüfatı naziri H.Susvono və İndoneziya parlamentinin Regional Nümayəndələr Palatasının sədri İ.Qusman tədbirin əsas qonaqları olmuşlar.

Çıxış edən H.Susvono Azərbaycan xalqını və hökumətini İndoneziya xalqı və hökuməti adından təbrik edərək xoş arzularını bildirmiş, uğurlar diləmişdir. O, İndoneziya-Azərbaycan əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini söyləmiş, son illər ərzində iki dövlət arasında ticarət dövriyyəsinin artmasını xüsusi qeyd etmişdir. Nazir Azərbaycan və İndoneziya arasında müxtəlif sahələr üzrə nəzərdə tutulmuş proqramların həyata keçirilməsi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. H.Susvono hər iki ölkənin separatçılığa qarşı mübarizəsini xüsusən qeyd etmiş və İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəyini bildirmişdir.

Tədbirdə “İrs” jurnalının baş redaktoru M.Mərcanlı çıxış edərək, jurnalın İndoneziyada nəşr olunmuş nömrəsi haqqında qonaqlara geniş məlumat vermişdir.

Tədbirdə Azərbaycan haqqında DVD materiallar və fotoşəkillər nümayiş etdirilmiş, milli mətbəximizin nümunələri təqdim edilmiş, qonaqlara “İrs-Warisan” jurnalı paylanmış, Azərbaycan musiqisi səsləndirilmişdir.

 

AzərTac.az