2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb

Posted by

2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb

2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb

 

 

2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb

Orta Şərqi, Afrikanı və digər əraziləri bürüyən müharibələr səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təxminən 5,5 milyon insan didərgin düşüb ki, bu da zorla didərgin salınanların sayının daha da artması deməkdir.

 

BMT QAK-ın 2014-cü il üzrə yarım illik tendensiyalara dair hesabatı göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olub, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevriliblər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatıb ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və rekord göstəricidir.

 

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, BMT QAK-ın mandatı altında olan qaçqınlar arasında suriyalılar ilk dəfə olaraq üç onillikdən də artıq müddətdə çoxluqda olmuş əfqanları sayca üstələyərək daha böyük çoxluq təşkil edirlər. 2014-cü ilin iyununadək olan məlumatlara görə, 3 milyondan artıq suriyalı qaçqın dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.

 

Sayca ikinci yerdə olmasına baxmayaraq, dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddətdə BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır. Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanma (480,000) və İraq (426,000) gəlir.

 

1,6 milyon əfqanıstanlı qaçqını qəbul etmiş Pakistan mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982.000), Türkiyə (824.000), İordaniya (737.000), Efiopiya (588.000), Keniya (537.000) və Çaddır (455.000).

 

BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə onları qəbul etmiş ölkələrin bu kontekstdə töhfələri diqqətə çatdırılır. Belə ki, əhalisinin sayına nisbətdə Livan və İordaniya ən çox sayda qaçqın qəbul edib. Ölkənin iqtisadi imkanları baxımından isə ən böyük yük Efiopiya və Pakistanın üzərinə düşür.

 

Ümumiyyətlə, BMT QAK-ın mandatı altında olan qaçqınların sayı yarım il ərzində 13 milyona çatıb ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir. Agentliyin himayə etdiyi və ya yardım göstərdiyi məcburi köçkünlərin ümumi sayı 26 milyona çatıb ki, bu da ən yüksək rəqəmdir.

 

“2014-cü ildə biz himayəmiz altındakı insanların sayının misli görünməyən dərəcədə artdığının şahidi olduq. Beynəlxalq birlik mövcud münaqişələrin siyasi həll yollarını tapmağı və yeni münaqişələrin başlanmasının qarşısını almağı bacarmadıqca biz dramatik humanitar nəticələrlə üzləşməkdə davam edəcəyik”, – deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib. O deyib ki, qaçqınlara və məcburi köçkünlərə maddi, sosial və insani qayğı göstərilməsinin yükü əsas etibarilə yoxsul icmaların, yəni bunun üçün ən az imkanı olanların üzərinə düşür. Biz əlverişsiz vəziyyətdə olan insanların getdikcə daha çox qisminin zəruri yardımdan kənar qalması riskindən yayınmaq istəyiriksə, o halda beynəlxalq səviyyədə geniş həmrəylik olmalıdır”.

 

Hesabatda gəlinən digər bir qənaət ondan ibarətdir ki, qaçqın əhalinin regional bölgüsündə dəyişiklik baş verib. Son ilə qədər ən çox qaçqın əhalini qəbul edən ölkələr Asiya və Sakit Okean ölkələri idi. Suriyadakı böhran nəticəsində indi Orta Şərq və Afrika ən çox qaçqın əhalini qəbul edən yeni regionlara çevrilib.

 

BMT QAK-ın hesabatı qurumun hökumətlərdən və dünya ölkələrindəki ofislərindən aldığı məlumatlar əsasında hazırlanıb.

 

AzərTac.az